Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu
ENG

Bakıda “Böyük energetika sistemlərinin etibarlılığının tədqiqinin metodik məsələləri” mövzusunda beynəlxalq elmi seminar keçirilmişdir

Sentyabr 18 2012

17-21 sentyabr tarixlərində Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin L.A.Melentyev adına Energetika Sistemləri İnstitutu və Azərenerji ASC Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun təşkilatçılığı ilə Bakı şəhərində Y.N.Rudenko adına Beynəlxalq elmi seminar keçirilmişdir.

Ənənəvi olaraq “Böyük energetika sistemlərinin etibarlılığının tədqiqinin metodik məsələləri” mövzusunda keçirilən beynəlxalq seminarın Bakı şəhərində təşkil olunmuş 84-cü iclası bazar münasibətləri şəraitində energetika sistemlərinin etibarlılıq problemlərinə həsr olunmuşdur. Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin L.A.Melentyev adına Energetika Sistemləri İnstitutunun direktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü N.İ.Voropayın və Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun direktoru professor N.A.Yusifbəylinin həmsədrliyi ilə keçirilən seminarın işində azərbaycanlı alimlərlə yanaşı Rusiyadan, Ukraynadan, Belarusdan, Moldovadan və Qazaxstandan 70-dən yuxarı alim və mütəxəssis iştirak etmişdir.

Seminar iclaslarında elektroenergetika sistemlərinin etibarlılıq məsələlərinə dair 80-dən yuxarı elmi məruzənin dinlənilmiş və energetika üzrə 3 dissertasiya işinin müzakirəsi baş tutmuşdur. Məruzələr əsasən elektroenergetika sistemlərinin etibarlılıq, dayanıqlılıq, idarəetmə və smart texnologiya məsələlərinə həsr olunmuşdur. Azərbaycanın elektroenergetika sisteminin müasir texnologiyalar əsasında inkişafı, onun maddi-texniki bazasının gücləndirilməsi məqsədilə yerli sənaye potensialının yaradılması, bu sahədə çalışan mütəxəssislərin əldə etdikləri elmi-praktik nailiyyətləri də seminarda müzakirə olunmuşdur. Seçilmiş məruzələr toplusu kitab şəklində çap olunacaqdır.

Seminar iştirakçıları Sumqayıt Texnologiyalar Parkı və Sumqayıt Elektrik Stansiyasında da olmuşlar.

Beynəlxalq seminarın keçirilməsinə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən maliyyə və təşkilati dəstək göstərilir.

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR