Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu
ENG

Elmin İnkişafı Fondunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib

Mart 30 2018

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş anım tədbiri keçirilib.

Fondun icraçı direktoru Elçin Babayev 1918-ci il 31 mart hadisələrindən, son 200 ildə erməni daşnaklarının azərbaycanlılara qarşı həyata keçirdiyi məqsədyönlü soyqırım siyasətindən, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanından, Prezident İlham Əliyevin “hücum diplomatiyası”ndan,  azərbaycanlılara qarşı törədilən soyqırımlar haqqında tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən böyük işlərdən, müxtəlif dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının və Heydər Əliyev Fondunun fəaliyyətindən söz açıb. E.Babayev “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2018-ci il tarixli Sərəncamının əhəmiyyətini qeyd edib.  

Tədbirdə çıxış edən professor İradə Bağırova azərbaycanlıların soyqırımının tarixi, xüsusi olaraq, 1918-ci ilin mart-aprel aylarında ermənilər tərəfindən Bakı, Şamaxı, Quba, Muğan, Göyçay qəzasında, Qarabağda, Zəngəzurda, İrəvanda, Naxçıvanda və Lənkəranda azərbaycanlılara qarşı talanlar, yanğınlar, terror və digər zorakılıq aktlarının həyata keçirilməsi barədə danışıb və Azərbaycana qarşı erməni terrorunun hələ də davam etdiyini xüsusi olaraq vurğulayıb. Azərbaycanlılara qarşı həyata keçirilən soyqırım siyasəti təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb. Martın 31-də erməni daşnakları Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını, o cümlədən 2560 qadın və 1277 uşağı qətlə yetiriblər. Qubanın 162 kəndində öldürülən günahsız azərbaycanlıların sayı isə 16 mindən artıq olub. Erməni daşnakları Lənkəran, Muğan bölgəsi və Dağlıq Qarabağda minlərlə kəndi yandırıb, on minlərlə insanı vəhşicəsinə qətlə yetiriblər.

Qeyd edilib ki, 31 mart – bir tarix dərsidir və bu dərsi hər bir azərbaycanlı yaxşı öyrənməli və heç vaxt unutmamalıdır. Azərbaycana qarşı erməni terrorunun hələ də davam etdiyi xüsusi olaraq vurğulanıb. Azərbaycanlıların soyqırımına beynəlxalq siyasi, hüquqi qiymət verilməsi məsələsi hələ də öz həllini gözləyir.

Tədbirdə 31 Mart soyqırım hadisələrinə həsr edilmiş material nümayiş etdirilib.

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR