gerb_2_-_kicik

Qrant haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Bu Qanun Azərbaycan Respublikasında qrantların (o cümlədən sub-qrantın, qranta əlavənin, habelə ianələr istisna olmaqla bu Qanunun 1-ci maddəsinin birinci hissəsində göstərilmiş məqsədlər üçün digər formada rəsmiləşdirilən yardımların) verilməsi, alınması və istifadəsi ilə bağlı iqtisadi və hüquqi münasibətləri tənzimləyir.[1]

Maddə 1. Qrant

1. Qrant — humanitar, sosial və ekoloji layihələri, müharibə və təbii fəlakət nəticəsində ziyan çəkmiş ərazilərdə dağılmış istehsal, sosial təyinatlı obyektlərin və infrastrukturun bərpası üzrə işləri, təhsil, səhiyyə, mədəniyyət, hüquqi məsləhət, informasiya, nəşriyyat və idman sahələrində proqramları, elm, tədqiqat və layihələşdirmə proqramlarını, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən digər proqramları hazırlamaq və həyata keçirmək üçün bu Qanunla nəzərdə tutulmuş qaydada göstərilən yardımdır. Qrant yalnız konkret məqsəd (məqsədlər) üçün verilir. “Dini etiqad azadlığı haqqında” və “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulan ianələr və dövlət hakimiyyəti orqanlarının yardımları istisna olmaqla, qrant müqaviləsi (qərarı) olmadan Azərbaycan Respublikasında fəaliyyət göstərən dini qurumlar, qeyri-hökumət təşkilatları, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri maliyyə vəsaiti şəklində və (və ya) başqa maddi formada yardım qəbul edə bilməz.[2]

1-1. Sub-qrant - qrant müqaviləsi (qərarı) üzrə alınmış vəsaitdən həmin müqavilədə (qərarda) resipiyent kimi nəzərdə tutulmamış üçüncü şəxsə bu müqavilənin (qərarın) icrası məqsədi ilə ayrıca qrant müqaviləsinə (qərarına) əsasən verilən vəsaitdir.[3]

2. Qrant maliyyə vəsaiti şəklində və (və ya) başqa maddi formada verilir. Qrant təmənnasız verilir, onun əvəzi hər hansı bir şəkildə geri istənilə bilməz.

3. Birbaşa mənfəət əldə etmək üçün istifadə edilən maddi yardım qrant sayılmır. Qrant predmeti olan layihə başa çatdırıldıqdan sonra qrant alanın sərəncamında hər hansı maliyyə vəsaiti və (və ya) başqa maddi vəsait qalarsa, qrant haqqında müqaviləyə (qərara) əsasən başqa hal nəzərdə tutulmamışdırsa, bu vəsait, qrant alanın mülahizəsinə görə qran predmeti ola bilən layihə və proqramların həyata keçirilməsinə sərf edilməlidir.

4. Bilavasitə siyasi hakimiyyət uğrunda mübarizə məqsədləri, qanunların və digər qanunvericilik aktlarının qəbul etdirilməsi üzrə lobbiçilik fəaliyyəti, siyasi reklam, hər hansı siyasi təşkilatın (təşkilatların) və ya siyasi xadimin (xadimlərin) seçki kampaniyasının maliyyələşdirilməsiüçün istifadə edilən maddi yardım qrant sayılmır.


Ətraflı: Qrant haqqında Azərbaycan Respublikasının Qanunu

PDF: Qrant Haqqında Azərbaycan Respublikasının Qanunu


 

   

gerb_2_-_kicik

 

Elm haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında elmi fəaliyyətin təşkili, idarə edilməsi və inkişafı sahəsində dövlət siyasətinin əsas prinsiplərini, elmin və elmi-innovasiya fəaliyyətinin məqsədlərini, elmi fəaliyyət subyektlərinin hüquq və vəzifələrini, elmin maliyyələşdirilməsi mexanizmlərini, elmi nailiyyətlərin stimullaşdırılması və onlardan istifadənin təşkilati-hüquqi əsaslarını müəyyən edir.

Bu Qanun ölkənin siyasi, iqtisadi, sosial və mədəni inkişafının təmin edilməsi, hər bir Azərbaycan Respublikası vətəndaşının rifahının və elmi səviyyəsinin yüksəldilməsi, yeni biliklərə yiyələnməsi və dünyanı dərk etmək kimi təbii və mənəvi ehtiyaclarının ödənilməsində elmin aparıcı rolunu və vəzifələrini müəyyənləşdirir.

 

1-ci fəsil

ÜMUMİ MÜDDƏALAR

 

Maddə 1. Əsas anlayışlar

 

1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.0.1. alim – elmi dərəcəsi və elmi əsərləri olan tədqiqatçı;

1.0.2. assistent – elmi köməkçi və ya elmi vəzifə;

1.0.3. eksperimental tədqiqatlar – elmi araşdırmalar nəticəsində və ya əməli təcrübə əsasında əldə olunmuş biliklərə əsaslanan, insan həyatı və sağlamlığının qorunması, yeni istehsal prosesi, material, məhsul, qurğu, xidmət və idarəetmə sistemlərinin yaradılması və onların təkmilləşdirilməsi məqsədilə aparılan tədqiqat;

1.0.4. elm – hadisələrin və gerçəkliyin mahiyyəti haqqında obyektiv biliklərin və informasiyaların əldə edilməsi, toplanması, sistemləşdirilməsi, işlənməsi, yayılması və tətbiqindən ibarət olan insan fəaliyyəti sahəsi;

1.0.5. elmi ekspertiza – elmi işin, elmi-texniki fəaliyyətin elmi, texniki və ictimai-siyasi tələblərə uyğunluğunun müəyyən edilməsi, rəyləndirilməsi və qiymətləndirilməsi;

1.0.6. elmi ekspertizanın subyektləri – ekspertizanın sifarişçiləri, icraçıları (dövlət idarəetmə orqanları, ictimai və beynəlxalq təşkilatlar), hüquqi və fiziki şəxslər (ekspertlər) və digər iştirakçılar;

1.0.7. elmi ekspertizanın obyektləri – elmi və elmi-texniki fəaliyyətinin yoxlanılması nəticəsinə uyğun informasiyalar, bu informasiyaları özündə əks etdirən sənədlər, fiziki predmetlər və digər maddi məlumat daşıyıcıları;

1.0.8. elmi etika – elmi, elmi-texniki və elmi-pedaqoji fəaliyyət sahəsində çalışan elmi işçilərin, müstəqil elmi araşdırmalarla məşğul olan digər şəxslərin elmi ictimaiyyət tərəfindən qəbul edilmiş davranış normalarının, prinsiplərinin və əxlaq qaydalarının məcmusu;

 

Ətraflı: Elm Haqqında Azərbaycan Respublikasının Qanunu
PDF: Elm Haqqında Azərbaycan Respublikasının Qanunu


 

 

gerb_2_-_kicik

Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

I BÖLMƏ

ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Qanunun məqsədi

Bu Qanun Azərbaycan Respublikası ərazisində elm, ədəbiyyat və incəsənət əsərlərinin (müəlliflik hüququ), habelə ifaların, fonoqramların, efir və ya kabel yayımı təşkilatlarının verilişlərinin (əlaqəli hüquqlar) yaradılması və istifadəsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir.

Maddə 2. Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında qanunvericilik

Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, bu qanundan, digər müvafiq normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.[1]

Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrdə müəyyən edilmiş qaydalar bu Qanunla müəyyən edilmiş qaydalardan fərqli olduqda beynəlxalq müqavilənin qaydaları tətbiq edilir.

Maddə 3. Qanunun tətbiq sahəsi

Bu Qanunun müddəaları aşağıdakılara şamil edilir:

1) Azərbaycan Respublikasının vətəndaşı olan və ya Azərbaycan Respublikası ərazisində daimi yaşayış yeri olan fiziki şəxsin, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi üzrə hüquqi şəxsin müəlliflik hüququna və ya əlaqəli hüquqlara malik olduğu elm, ədəbiyyat və incəsənətəsərləri, ifalar və fonoqramlar;

2) Azərbaycan Respublikası ərazisində ilk dəfə dərc edilmiş (buraxılmış) elm, ədəbiyyat və incəsənət əsərləri və ya fonoqramlar. Əsər və fonoqram Azərbaycan Respublikasının hüdudlarından kənarda ilk dəfə dərc edildikdən (buraxıldıqdan) sonra 30 gün keçənədək Azərbaycan Respublikası ərazisində dərc edildikdə Azərbaycan Respublikasında da ilk dəfə dərc edilmiş (buraxılmış) sayılır;

3) Azərbaycan Respublikası ərazisində ilk dəfə edilmiş ifalar, yaxud bu maddənin ikinci bəndinin müddəalarına uyğun surətdə qorunan fonoqrama yazılmış ifalar, yaxud fonoqrama yazılmamış, lakin yayım təşkilatının bu maddənin dördüncü bəndinə uyğun surətdə qorunan verilişinədaxil edilmiş ifalar;

4) Azərbaycan Respublikasının qanunvericiliyi üzrə hüquqi şəxs sayılan və verilişlərini Azərbaycan Respublikası ərazisində yerləşən ötürücülərin köməyi ilə həyata keçirən yayım təşkilatlarının verilişləri;

5) Azərbaycan Respublikası ərazisində olan memarlıq əsərləri; [2]

6) Azərbaycan Respublikasının iştirak etdiyi beynəlxalq müqavilələrə uyğun olaraq qorunan digər elm, ədəbiyyat və incəsənət əsərləri, ifalar, fonoqramlar və yayım təşkilatlarının verilişləri.

7) Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq elə əsərlərə və əlaqəli hüquqlar obyektlərinə qorunma tətbiq edilir ki, mənşə ölkəsində həmin obyektlər üçün müəyyən edilmiş qorunma müddətləri bitməmiş olsun.

Azərbaycan Respublikasının ərazisində müəlliflik hüququ və əlaqəli hüquqların qüvvədə olma müddəti mənşə ölkəsində müəyyən edilmiş qorunma müddətlərindən çox ola bilməz;

8) bu qanunun müddəaları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq və ya qarşılıqlı prinsiplər əsasında Azərbaycan Respublikasının vətəndaşları ilə yanaşı, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə də şamil edilir.[3]

Ətraflı: Müəlliflik Hüququ və Əlaqəli Hüquqular Haqqında Azərbaycan Respublikasının Qanunu
PDF: Müəlliflik Hüququ və Əlaqəli Hüquqular Haqqında Azərbaycan Respublikasının Qanunu


  

 

gerb_2_-_kicik

Ezamiyyə xərclərinin normaları haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Dövlət büdcəsi xərclərinin proqnozlaşdırılmasında istifadə olunan ezamiyyə xərclərinin normalarını təkmilləşdirmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 65,0 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 50,0 manat, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 45,0 manat müəyyən edilsin.

Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 80 faizini mehmanxana xərcləri təşkil edir.[1]

1-1. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının ərazisində ezamiyyə zamanı mehmanxana xərcləri barədə müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda, ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi ödənilir.[2]

2. “Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normaları” təsdiq edilsin (1 nömrəli əlavə).

3. “Rəhbər işçilərin xarici ölkələrə ezamiyyətləri ilə əlaqədar ezamiyyə xərclərinin 1 günlük normasına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin kateqoriyası” təsdiq edilsin (2 nömrəli əlavə).[3]

4. Müəyyən edilsin ki, ezamiyyə xərclərinin 1 günlük normasına gündəlik, mehmanxana, rabitə, şəhərdaxili nəqliyyat (taksidən istifadə istisna olmaqla) və digər xidmətlər ilə bağlı xərclər daxildir.

5. Nəqliyyat xərcləri (ezam olunma yerinə getmək və qayıtmaq, ölkə-daxili xərclər) təqdim edilən sənədlər əsasında ödənilir.

6. Daimi iş vaxtı yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) müəssisə, idarə və təşkilatların işçilərinə ezamiyyə xərcləri əvəzinə hər gün üçün 10,0 manat əlavə vəsait verilir.[4]

7. Müəyyən edilsin ki:

büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda ezamiyyə xərcləri onlara bu məqsəd üçün büdcədə nəzərdə tutulan vəsaitlər dairəsində, digər təşkilatlarda isə onların öz vəsaitləri hesabına ödənilir;

büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlar istisna olmaqla digər təşkilatlar ezamiyyə xərclərinin ödənilməsi üçün öz sərəncamlarında qalan mənfəət hesabına bu qərarla müəyyən edilmiş normalardan əlavə vəsait ayıra bilərlər;

büdcədən maliyyələşdirilən dövlət orqanlarında işin xüsusiyyətləri ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının ərazisi daxilində xidməti minik avtomobilləri ilə xidməti ezamiyyətə gedilməsi zəruri olan hallarda avtomobil nəqliyyatı vasitələri üçün müəyyən edilmiş aylıq yürüş həddindən artıq yol qət edildiyi təqdirdə, sərf edilən yanacağın dəyəri təsdiqedici sənədlər əsasında ezamiyyə xərcləri üçün nəzərdə tutulmuş vəsaitlər hesabına nəqliyyat xərci kimi ödənilir.

8. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, 1 ay müddətində “İşçilərin ezamiyyə qaydaları”nı hazırlayıb müvafiq qaydada təsdiq etsinlər.

9. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının Siyahısı” təsdiq edilsin (əlavə olunur).

10. Bu qərar 2008-ci il martın 1-dən qüvvəyə minir.

 

Ətraflı: Ezamiyyə xərclərinin normaları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
PDF: Ezamiyyə xərclərinin normaları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

HİKMƏTLİ SÖZLƏR