AZƏRBAYCANIN DAHİ ALİMLƏRİ

 

Qeyd: Siyahı daim yenilənəcəkdir. Siyahının ardıcıllığı əlifba sırasına müvafiqdir.


lev_landau_kicik

Landau Lev – (rus. Лев Дави́дович Ланда́у; 22.01.1908 – 01.04.1968) – nəzəri fizikanın bir çox sahələrinə fundamental elmi töhfələr bəxş etmiş Sovet fiziki. Landau 1908-ci ilin 22 yanvar tarixində Bakıda yəhudi ailəsində anadan olmuşdur (atası David Lvoviç Landau, anası Lyubov Venyaminovna Qarkavi). Onun elmi nailiyyətləri arasında kvant mexanikasında sıxlıq matrisi metodunun kəşfi, diamaqnetizmin kvant nəzəriyyəsi, ifrat axıcılıq nəzəriyyəsi, ikinci növ faza keçidləri, ifrat keçiriciliyin Qinzburq – Landau nəzəriyyəsi, plazma fizikasında Landau sönməsinin izahı, kvant elektrodinamikasında Landau qütbü, və iki-komponentli neytrinoların nəzəriyyəsi misal göstərilə bilər. Landau ifrataxıcılığın riyazi nəzəriyyəsinin kəşfinə görə 1962-ci ildə fizika üzrə Nobel mükafatına layiq görülmüşdür.


lutfi_zade_kicik

Lütfi Zadə – (əsl adı Lütfəli Rəhim oğlu Əsgərzadə) – azərbaycanlı alim, süni intelellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru. O bu ali təhsil müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxsdir. Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədridir. Onlarla xarici dövlət və ictimai təşkilatların fəxri doktorudur. Lütfi Zadə dünyada əsərlərinə ən çox istinad edilən alimlərdən sayılır. Təkcə 1990-2000-ci illərdə onun əsərlərinə 36000-dən çox istinad edilmişdir. Kaliforniyanın Berkli şəhərində "İnformasiya Texnologiyaları üzrə Zadə İnstitutu" yaradılmışdır. Lütfi Zadə Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun “İnformasiya texnologiyaları problemləri” və “İnformasiya cəmiyyəti problemləri” jurnallarının fəxri baş redaktorudur. Lütfi Zadə Avrasiya Akademiyasının qurucu üzvlərinin biridir.


yusif_memmedeliyev_kicik

Məmmədəliyev Yusif – Azərbaycan-sovet kimyaçı alimi, kimya elmləri doktoru, professor, Azərbaycan SSR EA akademiki və prezidenti, SSRİ EA müxbir üzvü. SSRİ Dövlət mükafatı laureatı (1946). Yusif Məmmədəliyev Naxçıvan MR-in Ordubad şəhərində anadan olmuşdur. Yusif Məmmədəliyev 1926-cı ildə V.İ.Lenin adına Azərbaycan Ali Pedaqoji İnstitutunu bitirdikdən bir qədər sonra, 1928-1929-cu illərdə İrəvan Azərbaycanlı Pedaqoji Texnikumunda və fəhlə fakültəsində müəllim işləmişdir. O, İrəvan azərbaycanlılarının ictimai həyatında da fəal iştirak etmişdir. Y.Məmmədəliyev həmin dövrdə Ermənistanda azlıqda qalan millətlərlə iş komissiyasının üzvü olmuş, kütlənin hüquqi vəziyyəti, gənclərin, xüsusən də qızların təhsilə cəlb edilməsi ilə əlaqədar mətbuat səhifələrində çıxış etmişdir.


azad_mirzecanzade_kicik

Mirzəcanzadə Azad – (29.09.1928, Bakı - 17.07.2006, Bakı) – Azərbaycan alimi, texniki elmlər doktoru, akademik. Azad Mirzəcanzadə 1928-ci il sentyabrın 29-da Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra ali təhsilini 1944-1949-cu illərdə Azərbaycan Sənaye İnstitutunun neft-mədən fakültəsində almış və dağ mühəndisi ixtisasına yiyələnmişdir. 1951-ci ildə texnika elmləri üzrə namizədlik, 1957-ci ildə doktorluq dissertasiyaları müdafiə etmişdir. 1959-cu ildə professor adını almış, 1962-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1968-ci ildə isə həqiqi üzvü seçilmişdir. 1992-2001-ci illərdə Azərbaycan Ali Attestasiya Komissiyasının sədri olmuş, 1993-2001-ci illərdə Dövlət Elm və Texnika Komitəsinə rəhbərlik etmişdir. Azad Xəlil oğlu Mirzəcanzadə 2006-cı il iyulun 17-də, 78 yaşında vəfat etmişdir.


nesireddin_tusi_kicik

Tusi Nəsirəddin – (tam adı: Xacə Nəsirəddin Əbu Cəfər Məhəmməd ibn Məhəmməd ibn Həsən Tusi) – Fars və ya azərbaycanlı filosof, astronom, riyaziyyatçı, tarixçi, maliyyəçi, ilahiyyatçı və hüquqşünas, dövlət xadimi. Alimin yaradıcılığı ensiklopedik səciyyə daşıyır. Marağada yaşamış və fəaliyyət göstərmişdir. Məhəmməd ibn Həsən ət-Tusi 1201-ci il cümə günü 17 fevralda Tus şəhərində anadan olmuşdur.Bəzi mənbələrdə qeyd edilir ki, onun əsli Zəncanla Həmədan arasında yerləşən Savə şəhərindəndir, Tusda doğulduğu üçün Tusi nisbəsi ilə tanınmışdır. İlk təhsilini atasından almış, sonra Həmədan və Tus şəhərlərində dövrünün tanınmış alimlərinin – İbn Sinavə Bəhmənyarın davamçılarının yanında təhsil görmüşdür.


 

HİKMƏTLİ SÖZLƏR