Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu
ENG

“Gənc alimlərin II Respublika İnnovativ İdeya Yarmarkası” çərçivəsində keçiriləcək “Yeni çağırışlar: müasir şəraitdə elmi innovativ tədqiqat işlərinin təcrübi və tətbiqi əsasları” adlı Gənc alimlərin elmi konfransı haqqında Pres-reliz

733
A A A
İyul 24 2012

2012-ci il 25-30 iyul tarixlərində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə Azərbaycan Milli Elmlər Akademiyası, AMEA Gənclərin İntellektual İnkişaf Mərkəzi və Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti tərəfindən Gənc Alimlərin II Respublika İnnovativ İdeya Yarmarkası keçiriləcəkdir. Qeyd etmək lazımdır ki, Gənc Alimlərin I Respublika İnnovativ İdeya Yarmarkası 2010-cu ildə Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə keçirilmişdir.

Gənc Alimlərin II Respublika İnnovativ İdeya Yarmarkası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.3.2 bəndinin icrası məqsədilə həyata keçirilir.

İnnovativ İdeya Yarmarkasının açılış mərasimi 2012-ci il 25 iyul tarixində saat 11.00-da “Hilton” hotelinin “Sevda” zalında keçiriləcəkdir. Açılış mərasimində dövlət qurumlarının nümayəndələrinin, gənc alim və tədqiqatçıların iştirakı nəzərdə tutulur.

Yarmarka çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Gənc alim və mütəxəssislərin 1-ci müsabiqəsi üzrə qalib olmuş qrant layihəsi üzrə “Yeni çağırışlar: müasir şəraitdə elmi innovativ tədqiqat işlərinin təcrübi və tətbiqi əsasları” adlı Gənc alimlərin elmi konfransının (25-27 iyul tarixlərində) və gənc alimlər arasında Elmiinnovativ ideyalar müsabiqəsinin keçirilməsi nəzərdə tutulmuşdur. Konfrans və müsabiqədə gənc alim və tədqiqatçılar elmi məruzə və təqdimatlarla çıxış edəcəklər.

Gənc alimlərin elmi konfransının açılış mərasimi 2012-ci il 25 iyul tarixində saat 15.00-da Bakı şəhəri, Novxanı qəsəbəsi, “Olimpik” idman və istirahət kompleksində keçiriləcəkdir.

Tədqiqatçıların çıxışları AMEA-nın həqiqi və müxbir üzvlərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcəkdir. Elmi-innovativ ideyalar müsabiqəsində 1, 2 və 3-cü yerləri tutan gənc tədqiqatçılara qiymətli hədiyyələr təqdim olunacaqdır.

Konfrans və müsabiqə Bakı şəhəri, Novxanı qəsəbəsi, “Olimpik” idman və istirahət kompleksində 5 gün müddətində davam edəcəkdir. 

Press reliz

Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Elmin İnkişafı Fondunun mətbuat xidməti

 

HİKMƏTLİ SÖZLƏR