ENG

Elmin İnkişafı Fondu və Gürcüstan Milli Elm Fondu arasında Memorandum imzalanmışdır

600
A A A
İyun 30 2016

Tbilisidə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) və Gürcüstanın Şota Rustaveli adına Milli Elm Fondu (ŞRMEF) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

EİF-in icraçı direktoru Elçin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti ŞRMEF-ə səfəri çərçivəsində bu fondun fəaliyyəti ilə tanış olub və təcrübə mübadiləsi aparılıb.

Əməkdaşlıq haqqında Anlaşma Memorandumunu Azərbaycan tərəfindən Elçin Babayev, Gürcüstan tərəfindən isə ŞRMEF-nin baş direktoru professor Marine Çitaşvili imzalayıb. Gələcəkdə beynəlxalq Sazişin imzalanması və birgə qrant müsabiqələrinin təşkil edilərək keçirilməsi nəzərdə tutulur.

Memorandumun imzalanmasından öncə hər iki qurum arasında əməkdaşlığın faydalı və səmərəli olacağına əminlik vurğulanıb. Azərbaycanı təcəssüm etdirən hədiyyələr ŞRMEF-ə təqdim olunub.

Memoranduma əsasən, tərəflər hər iki ölkənin inkişafında elm, texnologiya və innovasiyaların əhəmiyyətini qəbul etməklə, bərabərlik və qarşılıqlı fayda əsasında elmi əməkdaşlığı gücləndirmək və inkişaf etdirmək, Azərbaycan və Gürcüstanın elmi-tədqiqat institutları, qurumları və universitetləri arasında elm, texnologiya və innovasiya sahəsində əməkdaşlığı təşviq etmək və dəstəkləmək barədə razılığa gəliblər.

EİF və ŞRMEF öz ölkələri üçün prioritet hədəfləri nəzərə alaraq, qarşılıqlı maraq doğuran təbiət elmləri, tibb və səhiyyə elmləri, kənd təsərrüfatı elmləri, sosial və humanitar elmlər sahələrində, həmçinin fənlərarası tədqiqatlarda və kadr hazırlığı üzrə əməkdaşlıq edəcəklər.  

Gələcək əməkdaşlığın xüsusi formaları kimi tədqiqat nəticələrinin, həmçinin alim, mütəxəssis və tədqiqatçıların səfər mübadilələri də daxil olmaqla birgə tədqiqat və inkişaf layihələrinin yerinə yetirilməsi, birgə elmi iclaslar, konfranslar, simpoziumlar, kurslar, seminarlar, sərgilər və s. təşkili və onların işində iştirak, ikitərəfli elmi və texnoloji əməkdaşlıq çərçivəsində yaranacaq elmi-texniki tədqiqatların nəticələrinin, informasiyanın və sənədlərin mübadiləsi, müştərək tədqiqat və inkişaf layihələri üçün tədqiqat və inkişaf vasitələrindən və elmi avadanlıqdan birgə istifadə nəzərdə tutulur.

Tərəflər Avropa Birliyinin Çərçivə Proqramlarında və tədqiqat, inkişaf və innovasiya üzrə digər beynəlxalq əməkdaşlıq proqramlarında iştirak çərçivəsində də əməkdaşlıq edəcəklər. Əməkdaşlığın səmərəli icrası üçün birgə komissiya yaradılacaq.

Tbilisiyə səfər çərçivəsində EİF nümayəndə heyəti Avropa İttifaqının Elm, Texnologiya və İnnovasiyalar sahəsində əməkdaşlıq üzrə “Şərq Tərəfdaşlığı (EaP)” Proqramı (EU-EaP STİ) çərçivəsində keçirilmiş “EaP Elm, Texnologiya və İnnovasiya (STİ) qiymətləndirmə platforması üzrə 3-cü beynəlxalq İclas”da (27-28 iyun 2016-cı il) da iştirak edib. İclasda Elçin Babayev tərəfindən “Təcrübəmiz, öyrəndiklərimiz və regional və beynəlxalq əməkdaşlıq istiqamətində atılan addımlar” mövzusunda məruzə edilib. Elmin İnkişafı Fondunun təcrübəsi maraq doğurub, qrant layihələrinin və ekspertizasının idarə olunması üzrə Fond tərəfindən yaradılan “e-Qrant” elektron sistemindəki yeniliklər isə digər fondlara da tövsiyə olunub. 

Adıçəkilən iclasda hər bir Şərq Tərəfdaşlığı ölkəsinin təcrübəsini əks etdirən çıxışlar dinlənilib, ümümi platforma müzakirə edilib, Elmin İnkişafı Fondu tərəfindən verilən təklif və iradların əksəriyyəti qəbul olunub.

Tbilisidə keçirilmiş Beynəlxalq iclas çərçivəsində “Şərq Tərəfdaşlığı (EaP)” Proqramına üzv olan dövlətlərin nümayəndələri “EaP Elm, Texnologiya və İnnovasiya (STİ) qiymətləndirmə regional platforması”nın yaradılması üzrə Memorandum da imzalanıb.

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR