ENG

1-ci Azərbaycan-Rusiya beynəlxalq qrant müsabiqəsinin nəticələri açıqlanıb

4751
A A A
İyun 07 2018

QALİB LAYİHƏLƏRİN SİYAHISI


Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu beynəlxalq əlaqələrini daim genişləndirir və müxtəlif ölkələrdə fəaliyyət göstərən fondlarla birgə qrant müsabiqələri təşkil edərək keçirir.

Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində 2016-cı il 17 may tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF), Federal dövlət büdcə təşkilatı “Rusiya Fundamental Tədqiqatlar Fondu” (RFTF)Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) arasında əməkdaşlıq haqqında üçtərəfli Saziş və keçirilməsi planlaşdırılan ilk birgə qrant müsabiqəsi üzrə rəsmi Protokol imzalanıb.

Birgə müsabiqə Komissiyasının 2017-ci il 19 yanvar tarixində Moskva şəhərində, Rusiya Fundamental Tədqiqatlar Fondunda keçirilmiş iclasında yuxarıda qeyd olunan Sazişə əsasən keçirilməsi planlaşdırılan 1-ci birgə Azərbaycan-Rusiya beynəlxalq qrant müsabiqəsinin (“AzRus-1”) şərtləri, prioritetləri, maliyyələşdirilmə həcmi və müddəti, ekspertiza meyarları, tərəflər üçün maraq kəsb edən bir sıra elmi layihələrin mövzuları, müsabiqə elanı və keçirilməsi qaydaları və s. məsələlər müzakirə olunub.

Elmin İnkişafı Fondu Azərbaycan və Rusiya alimlərindən ibarət müvəqqəti yaradılmış yaradıcı kollektivlərin birgə yerinə yetirilməsi planlaşdırılan və tərəflər üçün aktual olan elmi istiqamətlər üzrə elmi-tədqiqat layihələrini dəstəkləmək, beynəlxalq elmi əməkdaşlıq fəaliyyətini stimullaşdırmaq və müasir elmi problemlərin həlli üçün əlavə yaradıcılıq imkanı yaratmaq məqsədilə qeyd olunan Sazişin müddəalarını nəzərə almaqla, cari müsabiqənin razılaşdırılmış elmi prioritetlərinə uyğun olaraq, 1-ci Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsini 2017-ci il 28 mart tarixində elan edib.  

Müsabiqə çərçivəsində fundamental-tətbiqi xarakterli və maliyyələşdirilmə həcmi 200 min manatadək olan layihələrin dəstəklənməsi nəzərdə tutulub. Müsabiqənin əsas elmi prioritetləri yarımkeçiricilər və bərk məhlullar fizikası, mexanika, riyaziyyat, astrofizika və intellektual informasiya sistemləri sahəsində tədqiqatlar, Qafqazın və Xəzər dənizinin geoekologiya və geodinamikası, Xəzər dənizi hövzəsi: energetik təhlükəsizlik və təbiətdən rasional istifadənin təminatı, biotibbi tədqiqatlar, biomüxtəliflik və paleogenetika, energetika, neft və qazın kəşfiyyatı, işlənilməsi və emalı üçün yeni materiallar və texnologiyalar, multikulturalizm olub.

Müsabiqədə iştirak etmək üçün layihələr 2017-ci il martın 28-dən iyunun 29-dək qəbul olunub. Müsabiqəyə layihələr Elmin İnkişafı Fondunun yaratdığı innovativ texnologiya olan “e-QRANT”=“Qrant layihələrinin Elektron İdarəolunması Sistemi” vasitəsilə təqdim edilib.  

Müsabiqədə AMEA təşkilatlarından, ali təhsil müəssisələrindən, nazirliklərin nəzdindəki elmi-tədqiqat qurumlarından alim və mütəxəssislər fərdi qaydada iştirak ediblər. Sənədlərin qəbulu üçün nəzərdə tutulmuş müddətdə iddiaçılara kömək və sualların cavablandırılması məqsədilə Elmin İnkişafı Fondunda məsləhət seminarları keçirilib.

Elmin İnkişafı Fondu müsabiqəyə təqdim olunmuş layihələrin elmi ekspertizası işini təşkil edib. Elmin İnkişafı Fondunun icraçı direksiyası, daimi və müstəqil elmi ekspertlər təqdim olunmuş layihələrin cari müsabiqənin elmi prioritetlərinə uyğunluq dərəcəsini müəyyənləşdirib, layihələrin elmi səviyyəsini, onların yerinə yetirilməsi imkanlarını və potensialını, gözlənilən elmi nəticələrini, mümkün tətbiq ehtimalını ekspertiza qaydalarına uyğun olaraq xüsusi sistem üzrə qiymətləndirib, həmçinin maliyyələşdirilmənin məqsədəuyğunluğu və həcmi barədə rəylər, arayışlar və tövsiyələr hazırlayıb.

Nəticələr Elmin İnkişafı Fondu və Rusiya Fundamental Tədqiqatlar Fondunun Birgə Komissiyasında da müzakirə olunub.

1-ci Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsi üzrə ümumi maliyyələşdirilmə həcmi 2 milyon 630 min manat olmaqla 20 qalib layihə müəyyənləşdirilib. Uğur dərəcəsi (daxil olan və qalib olan layihələrin sayı üzrə) 28.76% olub və bu rəqəm beynəlxalq təcrübəyə uyğundur.

Multidissiplinar və tətbiqi xarakterli tədqiqatlara, müxtəlif akademik və təhsil qurumlarından, sahə elmi-tədqiqat institutlarından olan alim və mütəxəssislər tərəfindən yerinə yetirilməsi planlaşdırılan elmi-tədqiqat mövzuları üzrə təqdim olunmuş layihələrə elmi ekspertizanın nəticələri əsasında seçim zamanı üstünlük verilib. Müsabiqə üzrə qalib layihələr AMEA-nın Fizika, Riyaziyyat və Mexanika, İnformasiya Texnologiyaları, Kataliz və Qeyri-üzvi Kimya, Aşqarlar Kimyası, Neft-Kimya Prosesləri, Geologiya və Geofizika, Neft və Qaz, Botanika, Fiziologiya, Molekulyar Biologiya və Biotexnologiyalar, Arxeologiya və Etnoqrafiya institutlarında, Şamaxı Astrofizika Rəsədxanasında, Naxçıvan Bölməsinin Batabat Astrofizika Rəsədxanasında, Respublika Seysmoloji Xidmət Mərkəzində, həmçinin Milli Aviasiya Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu, “Azərkosmos” ASC, Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzində yerinə yetiriləcək.

Azərbaycan alimləri Rusiya EA Fizika-Texnologiya İnstitutu, Yer Maqnetizmi, İonosferi və Radiodalğaların Yayılması İnstitutu, Baş (Pulkovo) Rəsədxana, İnformasiyanın Ötürülmə Problemləri İnstitutu, Yer Fizikası İnstitutu, Bitkilərin Fiziologiyası İnstitutu, Biologiyanın Fundamental Problemləri İnstitutu, Rusiya EA Sibir Bölməsinin Energetika Sistemləri İnstitutu, Rusiya EA Dağıstan Elmi Mərkəzinin Geologiya İnstitutu, Rusiya EA Kazan Elmi Mərkəzinin Kazan Fizika-Texnika İnstitutu, Sankt-Peterburq Dövlət Universiteti, Moskva Dövlət Universiteti, Ufa Dövlət Neft Texniki Universiteti, Rusiya Dövlət Neft-Qaz Universiteti, Rusiya Xalqlar Dostluğu Universitetinin Riyaziyyat İnstitutu, Başqırdıstan Dövlət Pedaqoji Universiteti və digər qurumlardan olan həmkarları ilə əməkdaşlıq edəcəklər.     

Qalib layihələrin hamısı fundamental-tətbiqi xarakterlidir. Fizika-riyaziyyat və texnika elmləri üzrə 9 layihə, Kimya elmləri üzrə 4 layihə, Yer haqqında elmlər üzrə 3 layihə, Biologiya, tibb və aqrar elmləri üzrə 3 layihə, Humanitar və ictimai elmlər üzrə isə 1 layihə qalib olub. Qalib layihə rəhbərlərindən 3-ü qadındır.

Layihələrin icra müddəti 24 aydır. Layihələrin maliyyələşdirilmə həcmi 60 – 185 min manat arasında dəyişir.

Qalib layihələr 2018-ci ilin 2-ci yarısından başlayaraq maliyyələşdiriləcək.

Qarşıdan gələn günlərdə qalib layihə rəhbəri və icraçıları ilə Elmin İnkişafı Fondunun təqdimat xarakterli ənənəvi görüşü keçiriləcək.

Müsabiqənin nəticələri ilə www.sdf.gov.az internet səhifəsində tanış olmaq olar.

 

Elmin İnkişafı Fondunun mətbuat xidməti


 

QALİB LAYİHƏLƏRİN SİYAHISI

 

Əlavə link: Azərtac

 

HİKMƏTLİ SÖZLƏR