ENG

Gənc alim və mütəxəssislərin 4-cü birgə qrant müsabiqəsi (“Mənim ilk qrantım”) elan olunub

2355
A A A
May 25 2017

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Gənc alim və mütəxəssislərin 4-cü birgə qrant müsabiqəsi (“Mənim ilk qrantım”) elan olunub.

Müsabiqə Azərbaycan Respublikasında təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental, tətbiqi və innovasiya xarakterli elmi-tədqiqat proqram və layihələrini və digər elmi tədbirləri dəstəkləmək, aktual və müasir elmi problemlərin həlli ilə məşğul olan gənc alimlərin, bir elmi mövzunun tədqiqi məqsədi ilə gənc alimlər tərəfindən yaradılmış müvəqqəti yaradıcı kollektivlərin, akademik və təhsil sistemlərində fəaliyyət göstərən, elmi tədqiqatlarla əlaqəli digər qurumlarda (nazirliklərin nəzdindəki elmi-tədqiqat institutları, dövlət qurumları və s.) çalışan gənc alim və mütəxəssislərin elmi fəaliyyətini stimullaşdırmaq və onlara əlavə yaradıcılıq imkanı yaratmaq məqsədi ilə, ölkədə elmin inkişaf prioritetlərinə uyğun olaraq, Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il 6 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı və bu Proqramın həyata keçirilməsi üzrə Tədbirlər Planının 6.3.2 bəndinə uyğun olaraq 2011-2015-ci illərdə Elmin İnkişafı Fondu tərəfindən keçirilmiş Gənc alim və mütəxəssislərin 1-ci, 2-ci və 3-cü qrant müsabiqələrinin uğurlarını, həmçinin iki qurum arasında 2017-ci il 22 may tarixində imzalanmış Protokolun müddəalarını nəzərə almaqla keçiriləcək.

Müsabiqədə iştirak etmək üçün layihələr 2017-ci il mayın 30-dan iyunun 30-u saat 17:00-dək qəbul olunacaq. Müsabiqənin nəticələrinin 2017-ci ilin payızında açıqlanması planlaşdırılır.

Bu qrantlar yalnız ilk dəfə qrant üçün müraciət edən gənc alim və mütəxəssislərə veriləcək. Elmin İnkişafı Fondunun əvvəlki və cari qrant layihələrinin rəhbər və icraçıları bu müsabiqədə iştirak edə bilməzlər. Bu qrantlar Azərbaycan vətəndaşı olan və hazırda ölkədə elmi yaradıcılıq fəaliyyəti ilə məşğul olan gənc alim və mütəxəssislərdən təşkil olunmuş müvəqqəti elmi yaradıcı kollektivlər tərəfindən təqdim edilmiş layihələrə verilir. Layihələrin icra müddəti 1 ildir.

Müsabiqəyə layihələr Elmin İnkişafı Fondunun yaratdığı və innovativ texnologiya olan “e-QRANT” - “Qrant layihələrinin Elektron İdarəolunması Sistemi” (http://e-grant.sdf.gov.az/) vasitəsilə təqdim edilə bilər. Bu sistem elektron-hökumət prinsipləri əsasında qurulub və “ASAN-İmza”dan istifadəni də nəzərdə tutur. “Asan-imza”nı həm layihə rəhbəri, həm də layihədə iştirakı nəzərdə tutulmuş bütün iştirakçılar əldə etməli, bu şəxslərin hamısı qeydiyyatdan keçməli və “virtual şəxsi kabinet”lərini formalaşdırmalıdırlar.

Layihələrin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə məsləhət seminarlarının keçirilməsi nəzərdə tutulub. Bu barədə əlavə məlumat Fondun internet səhifəsində dərc olunacaq.

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

HİKMƏTLİ SÖZLƏR