ENG

Gənc alim və mütəxəssislərin “Mənim ilk qrantım” müsabiqəsinin nəticələri açıqlanıb

2277
A A A
Yanvar 16 2018

Qalib layihələrin siyahısı


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci il 6 aprel tarixli 1418 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı və bu Proqramın həyata keçirilməsi üzrə Tədbirlər planının 6.3.2 bəndinə əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu mütəmadi olaraq 35 yaşadək olan gənc alim və mütəxəssislər üçün qrant müsabiqələrini təşkil edərək keçirib və bu ənənə müxtəlif formatlarda bu gün də davam etdirilir.

Gənc alim və mütəxəssislərin Fondun qrantları vasitəsilə dəstəklənməsi ölkədə kadr potensialının artırılması işinə xüsusi töhfə sayıla bilər.

Fond fəal çalışan gənc alimlər haqqında məlumat bazasının yaradılması üzrə işləri də yerinə yetirir. Ölkənin gənc alimləri adıçəkilən xüsusi müsabiqələrdə iştirakla yanaşı, Fondun digər müsabiqələrində də layihə üzrə yaradıcı kollektivlərin tərkibində elmi-tədqiqat işlərinin yerinə yetirilməsində fəallıq göstərirlər.

Gənc alim və mütəxəssislərin 1-ci qrant müsabiqəsi çərçivəsində 25, 2-ci müsabiqəsi üzrə 25 və  3-cü müsabiqəsi çərçivəsində 24 layihə qalib elan edilib, ötən illər ərzində bu layihələr uğurla yerinə yetirilib.

Keçirilmiş müsabiqələrin uğurları əsas götürülməklə, növbəti 4-cü müsabiqə Elmin İnkişafı Fondu və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən birgə təşkil olunaraq “Mənim ilk qrantım” müsabiqəsi formatında keçirilib.

Məqsəd ölkədə təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental, tətbiqi və innovasiya xarakterli elmi-tədqiqat proqram və layihələrini və digər elmi tədbirləri dəstəkləmək, aktual və müasir elmi problemlərin həlli ilə məşğul olan gənc alimlərin, bir elmi mövzunun (problemin müəyyən hissəsinin) tədqiqi məqsədi ilə gənc alimlər tərəfindən yaradılmış müvəqqəti yaradıcı kollektivlərin, akademik və təhsil sistemlərində fəaliyyət göstərən, elmi tədqiqatlarla əlaqəli digər qurumlarda (nazirliklərin nəzdindəki elmi-tədqiqat institutları, dövlət qurumları, QHT və s.) çalışan gənc alim və mütəxəssislərin elmi  fəaliyyətini stimullaşdırmaq və onlara əlavə yaradıcılıq imkanı yaratmaq olub.

Müsabiqə ölkədə elmin inkişaf prioritetlərinə uyğun olaraq, Elmin İnkişafı Fondu və Gənclər və İdman Nazirliyi arasında formalaşmış əməkdaşlıq əlaqələrini, bu iki qurum arasında 2017-ci il 22 may tarixində imzalanmış Protokolun müddəalarını nəzərə almaqla keçirilib.

4-cü qrant müsabiqəsinin keçirilməsi haqqında qərar 2017-ci il 25 may tarixində internet səhifəsində və kütləvi informasiya vasitələrində elan edilib, qrant iddiaçılarına kömək məqsədilə bir neçə məsləhət seminarı təşkil edilib, müraciətlərə cavab verilib, ortaya çıxan suallara aydınlıq gətirilib. Müsabiqəyə bütün elm sahələri və qrant növləri üzrə 34 layihə daxil olub, layihələrin ekspertizası işinə Elmin İnkişafı Fondunun daimi ekspertləri və yerli və xarici müstəqil elmi ekspertlər cəlb olunub.

İlk dəfə olaraq gənc alim və mütəxəssislər qrant layihələrini “on-line” şəkildə, Fondun innovativ texnologiyası olan və ASAN-imzanın inteqrasiya edildiyi “e-Qrant” - “Qrant layihələrinin elektron idarəolunması sistemi” vasitəsilə təqdim ediblər.

Elmin İnkişafı Fondunun icraçı direksiyası, daimi və müstəqil elmi ekspertlər təqdim olunmuş layihələrin cari müsabiqənin elmi prioritetlərinə uyğunluq dərəcəsini müəyyənləşdirib, layihələrin elmi səviyyəsini, onların yerinə yetirilməsi imkanlarını və potensialını, gözlənilən elmi nəticələrini, mümkün tətbiq ehtimalını ekspertiza qaydalarına uyğun olaraq xüsusi sistem üzrə qiymətləndirib, həmçinin maliyyələşdirilmənin məqsədəuyğunluğu və həcmi barədə rəylər, arayışlar və tövsiyələr hazırlayıb.

Nəticələr Elmin İnkişafı Fondu və Gənclər və İdman Nazirliyinin Birgə Komissiyasında da müzakirə olunub.

Gənc alim və mütəxəssislərin 4-cü qrant müsabiqəsi (“Mənim ilk qrantım”) üzrə ümumi maliyyələşdirilmə həcmi 600000 manat olmaqla 19 qalib layihə müəyyənləşdirilib və Elmin İnkişafı Fondunun qərarı ilə təsdiq olunub. Uğur dərəcəsi (daxil olan və qalib olan layihələrin sayı üzrə) kifayət qədər yüksək (56%) olub.  

Bu qrantlar yalnız ilk dəfə qrant üçün müraciət edən gənc alim və mütəxəssislərə verilib. Multidissiplinar və tətbiqi xarakterli tədqiqatlara, müxtəlif akademik və təhsil qurumlarından, sahə elmi-tədqiqat institutlarından olan alim və mütəxəssislər tərəfindən yerinə yetirilməsi planlaşdırılan elmi-tədqiqat mövzuları üzrə təqdim olunmuş layihələrə elmi ekspertizanın nəticələri əsasında seçim zamanı üstünlük verilib.

Gənc alim və mütəxəssislərin 4-cü qrant müsabiqəsi üzrə qalib layihələr AMEA-nın Fizika, Riyaziyyat və Mexanika, Radiasiya Problemləri, Neft-Kimya Prosesləri, Aşqarlar Kimyası, Geologiya və Geofizika, Neft və Qaz, Molekulyar Biologiya və Biotexnologiyalar, Ədəbiyyat institutlarında, AMEA Naxçıvan Bölməsinin Bioresurslar institutunda, həmçinin Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Slavyan Universitetində, Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında, “Gənclər Turizmi” ictimai birliyində və “Azərbaycan Elm Assosiasiyası”nda yerinə yetiriləcək.

Qalib layihələrdən 17-si fundamental-tətbiqi xarakterlidir, 2 layihə üzrə isə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr edilmiş "Neft və geoekologiya" mövzusunda 1-ci beynəlxalq məktəb-seminar və “Davamlı sağlamlıq turizminin ölkənin iqtisadiyyatında rolu” mövzusunda gənc alim və mütəxəssislərin beynəlxalq konfransı təşkil olunaraq keçiriləcək.

Fizika-riyaziyyat və texnika elmləri üzrə 3 layihə, Yer haqqında elmlər üzrə 3 layihə, Kimya elmləri üzrə 4 layihə, Biologiya, tibb və aqrar elmləri üzrə 3 layihə, Humanitar və ictimai elmlər üzrə isə 6 layihə qalib olub. Qalib layihə rəhbərlərindən 14-ü qadın, 5-i isə kişidir.

Qarşıdan gələn günlərdə qalib layihə rəhbəri və icraçıları ilə Elmin İnkişafı Fondunun təqdimat xarakterli ənənəvi görüşü keçiriləcək.

Müsabiqənin nəticələri ilə www.sdf.gov.az internet səhifəsində tanış olmaq olar.

 


Qalib layihələrin siyahısı

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR