ENG

2-ci Azərbaycan-Belarus beynəlxalq qrant müsabiqəsinin nəticələri açıqlanıb

710
A A A
Yanvar 23 2018

Qalib layihələrin siyahısı


Elmin İnkişafı Fondu müxtəlif ölkələrdə fəaliyyət göstərən analoji qurumlarla (fondlarla, agentliklərlə, şuralar ilə) beynəlxalq əlaqələrini genişləndirir və birgə qrant müsabiqələri təşkil edərək keçirir.

Elmin İnkişafı Fondu ilə Belarus Milli Elmlər Akademiyası və Belarus Respublika Fundamental Tədqiqatlar Fondu arasında 2012-ci il 28 sentyabr tarixində Minsk şəhərində imzalanmış əməkdaşlıq haqqında beynəlxalq Sazişə əsasən 2012-ci il 28 dekabr tarixində 1-ci Azərbaycan-Belarus birgə beynəlxalq qrant müsabiqəsi elan edilmiş, 2013-cü il 6 iyun tarixində nəticələr açıqlanmış və 7 qalib layihə müəyyənləşdirilmişdir. Ötən illər ərzində bu layihələr uğurla yerinə yetirilmişdir.

Elmin İnkişafı Fondu və Belarus Respublika Fundamental Tədqiqatlar Fondu tərəfindən təşkil olunmuş Birgə müsabiqə komissiyasının 2014-cü il 20 oktyabr tarixində Bakı şəhərində keçirilmiş iclasında 1-ci müsabiqənin gedişi müzakirə olunmuşdur. 1-ci müsabiqənin uğurları və əldə edilmiş nəticələr növbəti birgə qrant müsabiqəsinin keçirilməsi üçün zəmin yaratmışdır.

Əməkdaşlığın perspektivləri nəzərə alınmaqla 2015-ci il 28 noyabr tarixində Minsk şəhərində “Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ilə Belarus Milli Elmlər Akademiyası, Belarus Respublika Fundamental Tədqiqatlar Fondu arasında əməkdaşlıq haqqında” dördtərəfli beynəlxalq Saziş də imzalanmışdır.

2016-cı il 19 may tarixində Minsk şəhərində Belarus Respublika Fundamental Tədqiqatlar Fondunda Birgə müsabiqə Komissiyasının iclasında keçirilməsi planlaşdırılan növbəti 2-ci birgə qrant müsabiqəsinin müzakirəsi aparılmış, tərəflər arasında rəsmi Protokol imzalanmışdır.

Yuxarıda qeyd olunan sənədlər nəzərə alınmaqla, Elmin İnkişafı Fondu Azərbaycan və Belarus alimlərindən ibarət müvəqqəti yaradılmış yaradıcı kollektivlərin birgə yerinə yetirilməsi planlaşdırılan və hər dörd tərəf üçün aktual olan elmi istiqamətlər üzrə elmi-tədqiqat layihələrini dəstəkləmək, beynəlxalq elmi əməkdaşlıq fəaliyyətini stimullaşdırmaq və müasir elmi problemlərin həlli üçün əlavə yaradıcılıq imkanı yaratmaq məqsədilə qeyd olunan dördtərəfli Sazişin müddəalarını nəzərə almaqla, cari müsabiqənin razılaşdırılmış elmi prioritetlərinə uyğun olaraq, 2-ci Azərbaycan-Belarus dördtərəfli birgə beynəlxalq qrant müsabiqəsini 2017-ci il 16 mart tarixində elan etmişdir.

Müsabiqə çərçivəsində fundamental və tətbiqi xarakterli və 100 000 manatadək maliyyə həcmli layihələrin maliyyələşdirilməsi nəzərdə tutulmuşdur.

Müsabiqədə iştirak etmək üçün layihələr 2017-ci il martın 17-dən mayın 15-dək qəbul olunmuşdur. Müsabiqəyə layihələr Elmin İnkişafı Fondunun yaratdığı innovativ texnologiya olan “e-QRANT”=“Qrant layihələrinin Elektron İdarəolunması Sistemi” vasitəsilə təqdim edilmişdir.

Müsabiqədə AMEA təşkilatlarından, ali təhsil müəssisələrindən, nazirliklərin nəzdindəki elmi-tədqiqat qurumlarından alim və mütəxəssislər fərdi qaydada iştirak etmişlər. Sənədlərin qəbulu üçün nəzərdə tutulmuş müddətdə iddiaçılara kömək və sualların cavablandırılması məqsədilə Elmin İnkişafı Fondunda məsləhət seminarları keçirilmişdir.

Elmin İnkişafı Fondu müsabiqəyə təqdim olunmuş layihələrin elmi ekspertizası işini təşkil etmişdir. Elmin İnkişafı Fondunun icraçı direksiyası, daimi və müstəqil elmi ekspertlər təqdim olunmuş layihələrin cari müsabiqənin elmi prioritetlərinə uyğunluq dərəcəsini müəyyənləşdirmiş, layihələrin elmi səviyyəsini, onların yerinə yetirilməsi imkanlarını və potensialını, gözlənilən elmi nəticələrini, mümkün tətbiq ehtimalını ekspertiza qaydalarına uyğun olaraq xüsusi sistem üzrə qiymətləndirmiş, həmçinin maliyyələşdirilmənin məqsədəuyğunluğu və həcmi barədə rəylər, arayışlar və tövsiyələr hazırlamışdır.

Nəticələr Elmin İnkişafı Fondu və Belarus Respublika Fundamental Tədqiqatlar Fondunun Birgə Komissiyasında da müzakirə olunmuşdur.

2-ci Azərbaycan-Belarus dördtərəfli birgə beynəlxalq qrant müsabiqəsi üzrə ümumi maliyyələşdirilmə həcmi 1 milyon manat olmaqla 15 qalib layihə müəyyənləşdirilmişdir. Uğur dərəcəsi (daxil olan və qalib olan layihələrin sayı üzrə) kifayət qədər yüksək (55.5%) olmuşdur.

Multidissiplinar və tətbiqi xarakterli tədqiqatlara, müxtəlif akademik və təhsil qurumlarından, sahə elmi-tədqiqat institutlarından olan alim və mütəxəssislər tərəfindən yerinə yetirilməsi planlaşdırılan elmi-tədqiqat mövzuları üzrə təqdim olunmuş layihələrə elmi ekspertizanın nəticələri əsasında seçim zamanı üstünlük verilmişdir.

Müsabiqə üzrə qalib layihələr AMEA-nın Fizika, Polimer Materialları, Aşqarlar Kimyası, Kataliz və Qeyri-Üzvi Kimya, Botanika, Fiziologiya, Mikrobiologiya, İqtisadiyyat və Tarix institutlarında, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialı, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Tibb Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetində, həmçinin Azərbaycan Dövlət Neft Şirkətində yerinə yetiriləcəkdir. Qalib layihələrin hamısı fundamental-tətbiqi xarakterlidir.

Fizika-riyaziyyat və texnika elmləri üzrə 7 layihə, Kimya elmləri üzrə 2 layihə, Biologiya, tibb və aqrar elmləri üzrə 3 layihə, Humanitar və ictimai elmlər üzrə isə 3 layihə qalib olmuşdur. Qalib layihə rəhbərlərindən 6-sı qadındır.

Qalib layihələr 2018-ci ildən başlayaraq maliyyələşdiriləcəkdir.

Qarşıdan gələn günlərdə qalib layihə rəhbəri və icraçıları ilə Elmin İnkişafı Fondunun təqdimat xarakterli ənənəvi görüşü keçiriləcəkdir.

Müsabiqənin nəticələri ilə www.sdf.gov.az internet səhifəsində tanış olmaq olar.


Qalib layihələrin siyahısı

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR