ENG

Elmin İnkişafı Fondu 2-ci Azərbaycan-Belarus beynəlxalq müsabiqəsini elan etdi

343
A A A
Oktyabr 21 2014

Oktyabrın 21-də Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) təşkilatçılığı ilə birinci Azərbaycan-Belarus Beynəlxalq konfransı işə başlayıb.

AzərTAc xəbər verir ki, əvvəlcə konfrans iştirakçıları Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb. Daha sonra konfrans işini “Hyatt Regency” otelində davam etdirib.

Plenar iclasda Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev beynəlxalq konfransın məqsədi və iki ölkə üçün əhəmiyyətindən danışıb. Bildirilib ki, tədbirin keçirilməsinin məqsədi birinci Azərbaycan-Belarus birgə beynəlxalq qrant müsabiqəsi çərçivəsində yerinə yetirilən elmi-tədqiqat layihələri üzrə bir il ərzində əldə olunmuş elmi nəticələri təhlil etmək, monitorinq xarakterli müzakirələr aparmaq, birgə qrant müsabiqələri yolu ilə əməkdaşlığın perspektivləri və konkret sahələri üzrə məsləhət və tövsiyələr verməkdir.Əvvəlcə iştirakçılar elmi-tədqiqat layihələrini müasir və keyfiyyətli elmi cihaz, avadanlıq, qurğu, məmulat, informasiya-kommunikasiya texnologiyaları (İKT) avadanlığı və s. ilə təmin edən bir sıra yerli və xarici şirkətlərin sərgisi ilə tanış olublar.

E.Babayev qeyd edib ki, birinci Azərbaycan-Belarus Beynəlxalq konfransı iki ölkə arasında elmi səviyyədə qarşılıqlı əməkdaşlığın sürətlə inkişaf etdiyini bir daha təsdiqləyir. Belə tədbirlərin tez-tez keçirilməsi nəzərdə tutulur. Tədbirdə müxtəlif elm sahələrinin əhatə olunması qarşıya məqsəd qoyulduğu üçün konfransa konkret deyil, ümumi ad verilib. Bildirilib ki, konfransda birinci Azərbaycan-Belarus birgə beynəlxalq qrant müsabiqəsi çərçivəsində yerinə yetirilən elmi-tədqiqat layihələri üzrə bir il ərzində əldə olunan elmi nəticələrlə bağlı məruzə dinləniləcək, müzakirələr aparılacaq. Həmçinin birgə qrant müsabiqələri yolu ilə əməkdaşlığın perspektivləri, konkret sahələr üzrə məsləhət və tövsiyələr veriləcək. İki ölkənin müvafiq qurumları arasında səmərəli və sıx əməkdaşlığın yarandığını vurğulayan E.Babayev bildirib ki, rəhbərlik etdiyi qurumun işinin təşkilində Belarus Respublikası Fundamental Tədqiqatlar Fondunun (BRFTF) böyük təcrübəsinin öyrənilməsi çox səmərəli nəticələr verib. Belə konfransların Belarusda da təşkili məqsədəuyğun olardı.

EİF-in icraçı direktoru diqqətə çatdırıb ki, 2009-cu ildə yaradılmış Elmin İnkişafı Fondunun bu gün beş yaşı tamam olur. Ötən illərdə bir çox nailiyyətlər qazanan bu qurum ildən-ilə beynəlxalq əlaqələrini genişləndirir, keçirdiyi müsabiqələrin formatını zənginləşdirir. Fondun fəaliyyəti müddətində 18 müsabiqə üzrə 329 layihə qalib elan olunub. Bu layihələrin maliyyələşdirilməsinə ümumilikdə 25 milyon manata yaxın vəsait ayrılıb. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), təhsil müəssisələri, nazirliklərin strukturunda fəaliyyət göstərən elmi-tədqiqat institutları və QHT-lərdən yüzlərlə alim və mütəxəssis bu qrantlardan bəhrələnib.

Nəticədə dünyanın nüfuzlu elmi jurnallarında Elmin İnkişafı Fondunun qrantlarına istinad edilən məqalələrin sayı durmadan artır. Fond tədqiqatların modern cihaz təminatına və xaricdə kadr hazırlığına, gənc alimlərə xüsusi diqqət yetirir. Elmin İnkişafı Fondu ilin sonunadək müxtəlif istiqamətlər üzrə daha beş müsabiqənin elan edilməsini planlaşdırır. Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə iki ölkə alimlərinin əməkdaşlığının daha da möhkəmlənməsinə xidmət edən konfransın xüsusi əhəmiyyətini qeyd edib, onun işinə uğurlar arzulayıb. Bu cür tədbirlərin Azərbaycan-Belarus münasibətlərinin inkişafına mühüm töhfə olduğunu diqqətə çatdıran AMEA-nın prezidenti birgə beynəlxalq forumun keçirilməsinin vacibliyini vurğulayıb. Elmin İnkişafı Fondunun fəaliyyətini və beş ildə gördüyü işləri yüksək qiymətləndirən A.Əlizadə kollektivi yubiley münasibətilə təbrik edib. Fondun icraçı direktoru E.Babayevə AMEA rəyasət heyətinin fəxri fərmanı təqdim olunub. Belarus Respublikasının Azərbaycandakı səfiri Nikolay Patskeviç iki ölkə alimlərinin əməkdaşlığını yüksək qiymətləndirib.

Səfir bu cur görüşlərin elmin daha sürətli inkişafına və dünya elminə inteqrasiyasına yol açdığını xüsusi vurğulayıb. Rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov Bakıda keçirilən tədbirin hər iki ölkə üçün əhəmiyyətindən, təmsil etdiyi qurum ilə EİF-in əməkdaşlığından, birgə həyata keçirilən layihələrdən danışıb. BRFTF-nin icraçı direktoru Valenrtin Orloviç bildirib ki, konfransdan əvvəl rəhbərlik etdiyi qurum ilə EİF-in birgə qrant komissiyasının iclası keçirilib. İclasda ikinci Azərbaycan-Belarus beynəlxalq qrant müsabiqəsinin təşkili və keçirilməsi üzrə məsləhətləşmələr aparılıb, müsabiqənin prioritetləri, keçirilmə tarixi, ekspertiza işinin təşkili ilə bağlı məsələlər müzakirə olunaraq razılaşdırılıb. Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA Fizika İnstitutunun direktoru, professor Nazim Məmmədov, Belarus Milli Elmlər Akademiyası (BMEA) Fizika İnstitutunun direktoru, BMEA-nın müxbir üzvü Sergey Qaponenko və başqaları iki ölkə alimlərinin son illərdə əldə etdikləri elmi nailiyyətlərdən, təcrübə mübadiləsi üçün belə tədbirlərin əhəmiyyətindən danışıblar. Konfransda ikinci Azərbaycan-Belarus beynəlxalq qrant müsabiqəsi elan edilib.

Daha sonra konfrans işini “Elmi tədqiqatların qrant maliyyələşməsi”, “Elmi tədqiqatların instrumental bazası” və “Birgə tədqiqatların nəticələri və perspektivləri” bölmələrində davam etdirib. Bölmə iclaslarında iki ölkə alimlərinin müasir dövrün prioritet məsələlərindən olan nanoquruluşlara, yeni materiallara, həmçinin atmosfer ekologiyasına, fizikanın digər aktual məsələlərinə həsr edilən məruzələri dinlənilib. Birinci Azərbaycan-Belarus Beynəlxalq konfransı işini oktyabrın 22-də dörd bölmədə iclaslarla davam etdirəcək.

Mənbə: AZƏRTAC
Əlavə link: azerbaijan-news.az

 

HİKMƏTLİ SÖZLƏR