ENG

Ankara Universitetində elektron elmin elmi-nəzəri və praktiki məsələləri müzakirə olunub

55
A A A
İyul 05 2018

25-30 iyun 2018-ci il tarixlərdə İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdirləri - AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev və Təhmasib Fətəliyev Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) 2014-cü ilin əsas qrant müsabiqəsi çərçivəsində təqdim olunmuş kompleks elmi-tədqiqat proqramlarının qalibi olmuş “Elektron elm və onun funksional altsistemlərinin sintezi üçün yeni metod və alqoritmlərin işlənilməsi” adlı qrant layihə üzrə alınmış elmi nəticələrin müzakirəsi və əməkdaşlıq əlaqələrinin müəyyənləşdirilməsi məqsədi ilə Ankara şəhərində elmi ezamiyyətdə olublar.

Ezamiyyət çərçivəsində Ankara Universitetinin Kompüter Mühəndisliyi Bölməsinin Kompüter Mühəndisliyi şöbəsində şöbə müdiri, professor İman Əskərzadə və şöbə əməkdaşları ilə bir sıra görüşlər keçirilib. Görüşlərdə Ankara Universiteti, onun strukturu, yaranma tarixi, eləcə də Kompüter mühəndisliyi şöbəsinin fəaliyyət istiqamətləri, elektron elm sahəsində əldə edilmiş nailiyyətlər və perspektivlər haqqında azərbaycanlı alimlərə ətraflı məlumat verilib.

Görüşdə AMEA İnformasiya Texnologiyaları İnstitutunun fəaliyyəti haqqında məruzələr dinlənilib. Məruzələrdə institutun elmi-tədqiqat istiqamətləri, iştirak etdiyi elmi layihələr və beynəlxalq əlaqələri haqqında geniş məlumat verilib. İnstitutun elektron elm sahəsində apardığı elmi və texnoloji fəaliyyət, onun şəbəkə platforması AzScienceNet şəbəkəsi, Data Mərkəz və e-elm çərçivəsində təqdim etdiyi şəbəkə xidmətləri diqqətə çatdırılıb. E-elm sahəsində aparılan elmi-tədqiqatlar, qrant layihələri və alınmış nəticələr barədə müzakirələr aparılıb.

Qeyd edilib ki, elektron Azərbaycanın tərkib hissəsi olan e-elm respublikanın elmi qurumlarının fəaliyyətinin müasir İKT-nin tətbiqi ilə yenidən qurulması və vahid onlayn elmi infrastrukturun formalaşdırılmasını nəzərdə tutur. EİF-in maliyyələşdirdiyi çoxsaylı layihələrdən biri olan “Elektron elm və onun funksional altsistemlərinin sintezi üçün yeni metod və alqoritmlərin işlənilməsi” layihəsinin məqsədi respublikada çoxfunksiyalı, analitik və qiymətləndirmə imkanlarına malik, təhlükəsiz və etibarlı vahid elektron elmi infrastrukturun – e-elm və onun funksional sisteminin sintezi üçün metod və alqoritmlərin işlənməsidir.

Layihə çərçivəsində e-elm sahəsində aparılan tədqiqatların müasir vəziyyəti analiz və monitorinq olunmuş, aktual problemlər müəyyənləşdirilmiş, e-elmin mövcud vəziyyəti monitorinq olunmuş, Azərbaycanın e-elm şəbəkəsinin arxitektur modeli işlənmiş, e-elm mühitində yaddaş və şəbəkə resurslarının optimal paylanması üçün modellər təklif olunmuş, e-elm mühitində elmi-problemlərin identifikasiyası üçün metodlar işlənmiş və digər işlər görülmüşdür. Bildirilib ki, layihə çərçivəsində həll olunmuş məsələlərdən alınmış çoxsaylı elmi nəticələr ölkənin və dünyanın nüfuzlu elmi jurnallarında dərc olunmuş və tanınmış beynəlxalq elmi bazalar və kitabxanalara daxil olunmuşdur.

Görüşün sonunda hər iki tərəfin birgə elmi əməkdaşlıq üçün maraqlı olduğu bildirilib. Əməkdaşlıq istiqamətlərinin daha da dəqiqəşdirilməsi və birgə elmi tədqiqat planının hazırlanması üçün növbəti görüşlərin keçirilməsi təklif olunub.

Mənbə: Science.gov.az

HİKMƏTLİ SÖZLƏR