ENG

Gənc alim və mütəxəssislərin 4-cü birgə qrant müsabiqəsi üzrə qalib layihələrin monitorinqi keçirilib

332
A A A
Avqust 03 2018

Elmin İnkişafı Fondu ənənəvi olaraq qalib layihələr üzrə mütəmadi olaraq aralıq hesabatların alınmasını təşkil edir, layihələrinin yerinə yetirilməsinin gedişi üzrə monitorinqlər aparır və elmi ictimaiyyəti nəticələrlə tanış edir.

Cari ilin iyul ayında Elmin İnkişafı Fondunun Gənclər və İdman Nazirliyi ilə birgə keçirdiyi Gənc alim və mütəxəssislərin 4-cü birgə qrant müsabiqəsinin qalibi olmuş layihələr üzrə monitorinq keçirilib. Layihə rəhbərləri və icraçılarının iştirak etdiyi monitorinq elmi-texniki və maliyyə məsələlərini əhatə edib.

Monitorinqin nəticələrinə əsasən “Bioetanoldan neft kimya sənayesi üçün qiymətli kimyəvi maddələrin alınması” (layihə rəhbəri Həsənova Fərqanə, ADNSU), “Alternativ cəzalandırma üsulları: dünya və Azərbaycan təcrübəsinin təhlili” (layihə rəhbəri Şahbazov İnqilab, “Azərbaycan Elm Assosiasiyası”) və “Azərbaycanda buğdanın rüşeym plazmasında gövdə pasına qarşı davamlılıq yaradan Sr genlərinin təyini” (layihə rəhbəri Bayramova Cəmilə, AMEA MBBİ) layihələri ən uğurlu kimi qiymətləndirilib.

“Dəyişən dərəcəli çəkili Lebeq fəzalarında ikiqat eksponent sisteminin tamlığı” və “Yeni nəsil biosensor üçün GaN-əsaslı heterostrukturların karbon nanoboruların istifadəsi ilə optimallaşdırılması” layihələri də qənaətbəxş şəkildə yerinə yetirilir. Digər layihələrlə bağlı problemlər isə müzakirə edilərək iradlar bildirilib, məsləhət, təklif və tövsiyələr verilib.

2 layihə üzrə beynəlxalq konfrans və məktəb-seminar keçiriləcək. Bu layihələr üzrə hazırlıq işləri müzakirə olunub. “Naxçıvan Muxtar Respublikasının Batabat massivində yayılmış yabanı tərəvəz bitkilərinin genofondunun öyrənilməsi, bərpası və yeni istifadə imkanları” layihəsi üzrə monitorinq bilavasitə Naxçıvan şəhərində keçiriləcək. “Müasir Azərbaycanda gənclərin sosial-psixoloji mənzərəsi” layihəsi üzrə monitorinq hələlik baş tutmayıb.   

Monitorinq ərzində layihələrin texniki, hüquqi və maliyyə aspektləri müzakirə edilib, icrasına başlanılan gündən yerinə yetirilmiş işlər barədə qısa hesabatlar dinlənilib. Eyni zamanda, meydana çıxmış bütün suallar cavablandırılıb, layihələrin icrası prosesi ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirilib.

Monitorinqlərdə Elmin İnkişafı Fondunun icraçı direktoru və əməkdaşları iştirak edib.

HİKMƏTLİ SÖZLƏR