ENG

“Elmi məqalənin nüfuzlu jurnalda nəşrə hazırlanması” mövzusunda birgə müəllif seminarı keçirilib

135
A A A
Dekabr 04 2018

17:25

Dekabrın 4-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və “Springer Nature” şirkəti tərəfindən “Elmi məqalənin nüfuzlu jurnalda nəşrə hazırlanması” mövzusunda birgə müəllif seminarı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirin açılışında çıxış edən Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev dövlətimiz tərəfindən elmi tədqiqatların intensivliyinin artırılmasına və elmi nəticələrin dünyada tanıdılmasına böyük önəm verildiyini söyləyib. Bildirilib ki, bu baxımdan Azərbaycanda əldə olunan elmi nəticələrin dünyanın nüfuzlu elmi jurnallarında çap edilməsi, yeni əməkdaşlıq əlaqələrinin qurulması böyük önəm daşıyır.

E.Babayev müasir dövrdə məqalələrin yazılmasında bəzi çətinlik və problemlərin olduğunu söyləyib. O bildirib ki, məqalələrin ingilis dilində yazılması qaydalarına riayət etmək, onları lakonik, eyni zamanda, dolğun və savadlı şəkildə çatdırmaq xüsusi bacarıq tələb edir. Bu məqsədlə Elmin İnkişafı Fondu “Springer Nature” şirkəti ilə yeni əməkdaşlığa başlayır. Məqsəd elmi məqalələrin xaricdə nüfuzlu jurnallarda nəşrə göndərilməsi üçün düzgün formada yazı qaydalarını və vərdişlərini gənc alimlərə aşılamaqdır.

Qeyd olunub ki, dünyada “yırtıcı jurnallar” adlanan şəbəkələr bəzən alimləri aldadaraq “nüfuzlu” adı altında onların məqalələrini çap etməyə cəhd göstərir. Seminarın əsas məqsədlərindən biri də alimləri bu cür jurnallar barədə məlumatlandırmaq, onların diqqətini nüfuzlu, impakt faktorlu nəşrlərə yönəltməkdir.

Diqqətə çatdırılıb ki, “Springer Nature” şirkəti ilə birgə keçirilən seminarda elmi məqalələrin ingilis dilində yazılması və təqdim olunması qaydaları ilə bağlı ətraflı məlumat veriləcək.

MEK-in direktoru Leyla İmanova son illər kitabxananın müxtəlif məlumat elektron bazaları, nüfuzlu jurnallarla əməkdaşlıq etdiyini söyləyib. Bildirilib ki, üç il bundan əvvəl MEK-də “Springer Nature” şirkətinin nümayəndələri ilə görüş keçirilib. Qeyd edilib ki, dünyada nüfuzlu elmi şirkət kimi tanınan “Springer Nature” öz ekspert bazası, ciddi yanaşması və şəffaflığı ilə fərqlənir. MEK-in direktoru bu istiqamətdə şirkətin fəaliyyətini yüksək dəyərləndirib.

Seminarda “Springer Nature” şirkətinin lisenziyalaşdırma müdiri Merve Okur Karagülle şirkətin profili, ölkəmizdə apardığı tədqiqatın nəticələri barədə məruzə ilə çıxış edib. O, həmçinin Azərbaycan və “Springer Nature” əməkdaşlığının perspektivlərinə dair fikirlərini də bölüşüb.

“Springer Nature” şirkətinin satış direktoru Şahin Giray isə iki sessiya ərzində effektiv əlaqələndirici olmağın yolları, məqalə əlyazmasının çapa hazırlanması, düzgün elmi jurnal seçimi və elmi məqalənin çap üçün təqdimolunma prosesi haqqında təlim keçib.

Tədbirin sonunda suallar cavablandırılıb.

Seminarda elm və tədris müəssisələrində çalışan alimlər, mütəxəssislər, doktorant və dissertantlar iştirak ediblər.

 

Mənbə: AZƏRTAC

HİKMƏTLİ SÖZLƏR