ENG

“Sabahın alimləri” müsabiqəsi innovativ fikir yarışmasıdır

633
A A A
Fevral 13 2019

10:20

Fevralın 12-də “Sabahın alimləri” VIII respublika müsabiqəsinin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə təhsil nazirinin müavini Məhəbbət Vəliyeva ölkə başçısının rəhbərliyi ilə təhsil sahəsində aparılan islahatlardan danışıb. Bildirib ki, tətbiq olunan kurikulumlar yeni düşüncəli, geniş dünyagörüşlü gənclərin hazırlanmasına yönəldilib.

Məhəbbət Vəliyeva “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq gənclərin potensialının inkişaf etdirilməsinin əsas hədəflərdən biri olduğunu vurğulayıb. Bildirib ki, ölkəmizdə ənənəvi olaraq keçirilən “Sabahın alimləri” müsabiqəsi gənclərin diqqətini yaşadığımız mühitdə olan problemlərə və onların həllinə yönəldir.

Nazir müavini müsabiqədə iştirakın şagirdlərin inkişafına müsbət təsir göstərdiyini qeyd edib. Xatırladıb ki, ötən il ümumtəhsil məktəblərini qızıl və gümüş medalla bitirmiş məzunlardan 42 nəfəri son iki ildə keçirilmiş “Sabahın alimləri” müsabiqəsinin qalibləri və ya iştirakçıları olub. Onlardan bir qismi yüksək nailiyyətlərlə ali təhsil müəssisələrində və xarici ölkələrin tanınmış universitetlərində təhsillərini davam etdirirlər.

Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Dilqəm Tağıyev, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, Heydər Əliyev Mərkəzinin departament direktoru Məhəbbət Mehdiyeva, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə, BP-nin ünsiyyət və sosial sərmayələr üzrə meneceri Tamam Bayatlı ölkədə həyata keçirilən gənclər, təhsil və elm siyasətinin uğurlarından danışıb, müsabiqənin gənclərin istedad, bacarıq və potensialının üzə çıxarılması baxımından əhəmiyyətli olduğunu vurğulayıblar.

Daha sonra qonaqlar stendlərə baxıblar.

Xatırladaq ki, Təhsil Nazirliyinin əsas təşkilatçılığı ilə 2012-ci ildən etibarən keçirilən müsabiqəyə ölkə miqyasında maraq ildən-ilə artmaqdadır. Ümumilikdə müsabiqənin final mərhələsində indiyədək 1187 şagird iştirak edib, onlardan 529 nəfəri müxtəlif mükafatlara layiq görülüb.

Müsabiqənin keçirilməsində məqsəd yuxarı sinif şagirdlərinə tədqiqat aparmaq, öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaq və onların arasından hər il ABŞ-da keçirilən InteI ISEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdir.

Müsabiqə riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə keçirilir.

Bu il müsabiqədə iştirak etmək üçün 225 layihə təqdim olunub. Elmi Ekspertiza Komissiyasının rəyi əsasında müsabiqəyə 187 layihə üzrə 311 şagird buraxılıb. İştirakçıların 83 nəfəri IX, 120 nəfəri X, 108 nəfəri XI sinif şagirdidir. Müsabiqə iştirakçılarının 173-ü oğlan (55,6 faiz), 138-i (44,4 faiz) isə qızdır. Layihələrdən 63-ü fərdi, 124-ü isə kollektiv işlənilən layihələrdir. Müsabiqəyə vəsiqə qazanmış layihələr sırasında mühəndislik kateqoriyası (38 layihə) üstünlük təşkil edir.

Layihələrin qiymətləndirilməsi alimlərdən ibarət münsiflər heyəti tərəfindən həyata keçiriləcək. Qaliblərə təşkilatçılar tərəfindən pul mükafatı, diplom, medal və hədiyyələr təqdim olunacaq. Ən yaxşı layihələrin qalibləri ABŞ-da hər il dünyanın 75 ölkəsindən 1800-dən çox şagirdin qatıldığı Intel ISEF sərgisində iştirak edəcəklər.

Müsabiqə Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə keçirilir.

“Sabahın alimləri” VIII Respublika müsabiqəsi fevralın 14-də başa çatacaq.

 

Mənbə: AZƏRTAC

  

HİKMƏTLİ SÖZLƏR