ENG

“Elm çırağı” ölkəmizdə elmin və mədəniyyətin təbliğinə mühüm töhfələr verib

788
A A A
Fevral 15 2019

21:55

Fevralın 15-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında “Elm çırağı” İctimai Birliyinin fəaliyyətinin beş illiyinə həsr olunan tədbir keçirilib. 

AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) dəstəyi ilə rus dilində nəşr olunan “Müasir Azərbaycan Şərq-Qərb kontekstində və multikulturalizm” (Sovremennıy Azerbaydjan v kontekste Vostoka i Zapada i multikulturalizm) kitabının təqdimatı olub. 

Kitabın müəllifləri Bakı Slavyan Universitetinin professoru Naidə Məmmədxanova, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Afət İslam, Bakı Dövlət Universitetinin dosenti Bilqeyis Quliyeva və filologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Mir-Bağırzadədir. 

Mərasimdə çıxış edən ictimai birliyin sədri, professor Naidə Məmmədxanova təşkilatın fəaliyyətindən və beş il ərzində görülən işlərdən söz açıb. Bildirib ki, rəhbərlik etdiyi təşkilatın başlıca məqsədi dövlət tədbirlərinin, elmi tədqiqatların dəstəklənməsi yolu ilə cəmiyyətdə elmə və mədəniyyətə marağı artırmaq, habelə elmi seminarlar və kütləvi mədəni-maarifləndirmə tədbirləri vasitəsilə əhalini maarifləndirməkdir. Həmçinin təşkilat alimlərimizin fərqli sahələrdə əldə etdikləri nailiyyətləri, onların fəaliyyətini və potensialını ictimaiyyətə çatdıran bir qurumdur. 

N.Məmmədxanova diqqətə çatdırıb ki, “Elm çırağı”nın məqsədləri sırasında Azərbaycanın və xarici ölkələrin təhsil, elm və mədəniyyət müəssisələri, habelə diplomatik missiyalar və diaspor nümayəndələri ilə əməkdaşlığa, istedadlı gənclərin qurumun sıralarına cəlb olunmasına, regional və beynəlxalq layihələrin həyata keçirilməsinə xüsusi yer ayrılır. 

Qeyd edilib ki, ötən dövr ərzində ictimai birlik tərəfindən bir sıra elm, mədəniyyət və təhsil ocaqlarında Azərbaycanın və digər ölkələrin tarixinə, elminə, mədəniyyətinə, incəsənətinə aid seminar, dəyirmi masa, konfrans və müxtəlif tədbirlər keçirilib. Bu günədək Fransa, İtaliya, İsveç, İsveçrə, Norveç, Polşa, Yaponiya, Mərakeş, Misir, Hollandiya, İspaniya, Argentina, Kolumbiya, Macarıstan, Portuqaliya, Rusiya, Yunanıstan və digər ölkələrin səfirlikləri ilə birgə konfranslar təşkil olunub. Bu konfranslarda həmin ölkələrin Azərbaycandakı səfirləri və müxtəlif diplomatik korpusların nümayəndələri də iştirak ediblər. 

Vurğulanıb ki, “Elm çırağı” tərəfindən təşkil olunan tədbirlərdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) musiqiçiləri də iştirak edir, gənc rəssamların əsərlərindən ibarət tematik sərgilər keçirilir. İctimai birlik xeyriyyəçilik fəaliyyəti ilə də məşğul olur. Təşkilat Lökbatanda yerləşən, ürək xəstəliyindən əziyyət çəkən uşaqların müalicə olunduqları internat məktəbini himayəyə götürüb. Qurumun üzvləri öz vəsaitləri hesabına onlar üçün bayramların təşkili, oyuncaqların alınması kimi xeyriyyəçilik işlərini həyata keçirirlər. 

N.Məmmədxanova deyib: “Elm çırağı” İctimai Birliyinin üzvləri eyni amal uğrunda ölkəmizin, milli elmimizin, müxtəlif sahələrdə çalışan alimlərimizin nüfuzunu artırmaq, onları geniş ictimaiyyətə və dünyaya tanıtmaq uğrunda yorulmadan təmənnasız fəaliyyət göstərir və səmərəli işlər həyata keçirir. Bütün bu işlər ən gözəl və nəcib məqsədə - ölkəmizdə elmə marağı artırmaq, həmçinin gənc nəslin yaradıcı potensialının üzə çıxarılmasına imkan yaratmaq naminə görülür. Həqiqətən ötən beş ildə ictimai birliyin kollektivi bır sıra böyük nailiyyətlər əldə edib”. 

“Müasir Azərbaycan Şərq-Qərb kontekstində və multikulturalizm” kitabı barədə məlumat verən professor bildirib ki, yeni nəşr qrant layihənin məhsuludur. “Elm çırağı”nın üzvləri 2015-ci ildə EİF-nin qrantının qalibi olub və layihə regional xarakter daşıdığına görə kitab rus dilində yazılıb. 

N.Məmmədxanova “Elm çırağı” İctimai Birliyinin tədbirlərinin təşkilində əməyi olan hər kəsə dərin təşəkkürünü bildirib. 

Tədbirdə çıxış edən EİF-nin icraçı direktoru Elçin Babayev, BMA-nın prorektoru, professor Gülnaz Abdullazadə, Xalq yazıçısı Çingiz Abdullayev, Bakı Slavyan Universitetinin professoru Aslan Məmmədli ictimai birliyinin həyata keçirdiyi layihələrdən söz açaraq onun fəaliyyətini yüksək dəyərləndirib, təqdimatı keçirilən kitabın əhəmiyyətini yüksək qiymətləndiriblər. 

Sonda respublikanın tanınmış musiqiçiləri, respublika və beynəlxalq müsabiqə laureatları maraqlı konsert proqramı ilə çıxış ediblər. 

Tədbirdə “Elm çırağı” İctimai Birliyi tərəfindən ölkənin bir sıra elm və mədəniyyət xadimlərinə təşkilatın fəxri diplomu təqdim olunub.

 

Mənbə: Azərtac

 

 

HİKMƏTLİ SÖZLƏR