ENG

Fondun icraçı direktoru Mehriban İmanova gənc alim və tədqiqatçılarla görüşdə.

2404
A A A
Aprel 26 2021

Tarixin hər bir mərhələsində olduğu kimi, günümüzdə də cəmiyyətin aparıcı qüvvəsini məhz gənclər təşkil edir. Buna görə də hər bir dövlət öz gələcəyini etibar edəcəyi gənc nəslin inkişafı üçün müəyyən addımlar atır. Azərbaycanda gənclərlə bağlı dövlət siyasətinin mühüm istiqamətlərindən biri də gənclərin elmi və intellektual potensialının artırılmasıdır. Dövlətin gənclər siyasəti ilə bağlı qəbul edilmiş dövlət proqramlarında da bu öz əksini tapmışdır. Belə ki, 2015-ci ildə “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” və2017-ci ildə Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq, “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı” qəbul edilmişdir. Həmin proqramların əsas məqsəd və vəzifələrindən biri kimi gənc alim və tədqiqatçıların fəaliyyətinin dəstəklənməsi və gənclərin elmə həvəsləndirilməsidir.

Elmin İnkişafı Fondu buna və “Elm haqqında qanun”a uyğun olaraq gənc alimlərin fəaliyyətini stimullaşdırmaq üçün müəyyən qrant müsabiqələri təşkil edir ki, bu müsabiqələrdən biri də Gənc Alim və Tədqiqatçıların 5-ci  qrant müsabiqəsidir. Bu müsabiqəyə 2020-ci il 07 avqust – 18 sentyabr tarixləri arasında layihələr qəbul edilmişdir. Qeyd edək ki, layihələr Elmin İnkişafı Fondunun yaratdığı innovativ texnologiya olan “e - QRANT”- “Qrant layihələrinin Elektron İdarəolunması Sistemi” vasitəsilə təqdim edilmişdir. Sənədlərin bu sistem vasitəsilə qəbulu üçün iştirakçılara köməklik göstərilməsi üçün məsləhət vebinarları keçirilmişdir. Müsabiqədə AMEA-nın elmi institutlarından, müxtəlif ali təhsil müəssisələri və nazirliklərin nəzdindəki tədqiqat mərkəzlərindən olan gənc alim və tədqiqatçılar iştirak etmişlər.  Təqdim edilmiş layihələr Elmin İnkişafı Fondunun icraçı direksiyası, daimi və müstəqil elmi ekspertlər tərəfindən müsabiqə şərtlərinə uyğunluq dərəcəsi, yerinə yetirilmə imkanları, elmi səviyyəsinə uyğun olaraq qiymətləndirilmişdir. Müsabiqə nəticələri 31 mart 2021-ci il tarixində açıqlanmış, qalib layihələrin siyahısı Fondun rəsmi səhifəsində elan edilmişdir.

Elmin İnkişafı Fondunun icraçı direksiyası qalib gəlmiş layihə rəhbərləri ilə görüş keçirmişdir. Gənc alim və tədqiqatçılarla layihə ətrafında müzakirələr aparılmışdır. Fondun icraçı direktoru Mehriban İmanova bildirmişdir ki, gənc alim və tədqiqatçıların elmi fəaliyyətinin dəstəklənməsi, onların beynəlxalq aləmə inteqrasiyası, öz yaradıcılıq imkanlarını genişləndirməsi dövlətin aparıcı siyasət istiqamətlərindən biri kimi Fondun da fəaliyyətində prioritet istiqamətlərindən birini təşkil edir. Buna uyğun olaraq da, Fond tərəfindən müəyyən tədbirlər və müsabiqələr təşkil edilir.  M. İmanova gənc alim və mütəxəssislərə elmi fəaliyyətlərində uğurlar arzulayaraq Azərbaycan gənclərinə böyük ümidlər bəslədiyini qeyd etdi.

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR