ENG

“ELMDƏ ZƏFƏR MÜKAFATI-2021” NOMİNASİYA MÜSABİQƏSİ

1259
A A A
Oktyabr 04 2021

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı və ordusu misli görünməmiş qəhrəmanlıq və şücaət göstərərək, Ermənistanın işğalçı qüvvələri üzərində qələbə qazandı. İşğal altında olan tarixi torpaqlarımız müzəffər ordumuz tərəfindən  azad edildi. Qəhrəman əsgər və zabitlərimizin canları və qanları ilə qazandığı bu uğur Azərbaycanın qüdrətinin ən yüksək nümunəsidir.  Şanlı ordumuzun bizə qazandırdığı bu Zəfər tarixin səhifələrinə əbədi həkk olunmaqla yanaşı, dünyaya gücümüzü nümayiş etdirmiş oldu.

Hər il noyabrın 8-də Qarabağın tarixi əhəmiyyəti və işğaldan azad edilməsi, Azərbaycan xalqının iradəsinin və gücünün təntənəsinə çevrilmiş və dövlətimizin daha da inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyətə malik olan bu Zəfər Günü təntənəli şəkildə qeyd olunacaq.

Bütün dünya ölkələrinin maraqlarını birləşdirən əlamətdar günlərdən biri də 10 noyabr - Dünya Elm Günüdür. Dünya elminə böyük töhfələr bəxş edən dövlətlər sırasında olan Azərbaycan elm, təhsil sahəsində əhəmiyyətli nailiyyətlər qazanıb. Çünki ölkəmizdə dövlət siyasətinin əsas istiqamətlərindən biri elm və təhsil sahəsinə göstərilən qayğının ardıcıl davam etdirilməsi, elmi-texniki potensialın qorunub saxlanılmasıdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF), Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı (ICESCO) Vətən Müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün Böyük Zəfər Günü və Dünya Elm Günü ilə əlaqədar “Elmdə Zəfər mükafatı” nominasiyasını təsis etdilər. Mükafat ən yaxşı elmi işə görə ildə bir dəfə veriləcək.

Məqsədimiz beynəlxalq və respublika səviyyəsində elmin rolunu yüksəltmək, eləcə də əldə edilmiş elmi nailiyyətlərimizi dünya ictimaiyyətinin diqqətinə çatdırmaq, beynəlxalq səviyyədə əməkdaşlıq və təcrübə mübadiləsinin aparılmasını təmin etməklə elmi inkişafa nail olmaq, elmin nəticələrinin cəmiyyətin dinc və sabit inkişafına təsirini artırmaqdır.

EİF, AMEA və ICESCO tərəfindən qaliblərə müxtəlif nominasiyalar üzrə diplomlar, sertifikatlar və pul mükafatları, İETİ (Beynəlxalq Mühəndislik və Texnologiya İnstitutu) tərəfindən xüsusi sertifikatlar, müsabiqənin sponsoru “Sinam” MMC şirkəti tərəfindən isə onlara hədiyyələr təqdimediləcəkdir.

“Elmdə Zəfər mükafatı - 2021” müsabiqəsi üzrə nəticələrin2021-ci ilin noyabr ayında açıqlanması və qaliblərin xüsusi təqdimat mərasimində mükafatlandırılması nəzərdə tutulur.

Müsabiqədə iştirak etmək üçün müvafiq sənədlər və digər müşayiətedici materiallar

2021-ci il 04 oktyabr tarixindən başlayaraq qəbul olunur.

Müsabiqədə iştirak etmək üçün müvafiq sənədlərin və digər müşayiət edici  materialların qəbulu üçün son tarix 2021-ci il 11 oktyabr saat 17:00-dır.

“Elmdə Zəfər mükafatı-2021” müsabiqəsinin keçirilmə prinsipləri, müsabiqədə iştirak etmək üçün tələb olunan formalar, müvafiq sənədlər və digər müşayiətedici materialların verilməsi qaydaları, seminarın tarixi ilə Elmin İnkişafı Fondunun internet səhifəsində (http://sdf.gov.az) tanış olmaq olar.

 

Elmin İnkişafı Fondunun mətbuat xidməti

HİKMƏTLİ SÖZLƏR